Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclas 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunub. Prezident İlham Əliyev 2013-cü ildə də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını davam etdirdiyini və beynəlxalq imicinin möhkəmləndiyini vurğulayıb. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə respublikamızın beynəlxalq hüququ və ədaləti əsas götürərək daim prinsipial mövqe tutduğunu, ölkəmizin beynəlxalq nüfuzunun ötən müddətdə daha da artdığını qeyd edib.
O, 2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında antiazərbaycan qüvvələrin ölkəmizə qarşı təşkil etdiyi kompaniyanın iflasa uğradığını bildirib. Dövlət başçısı ötən il Azərbaycanda çoxlu sayda mötəbər beynəlxalq tədbirin keçirildiyini, müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi üçün hərtərəfli iş aparıldığını deyib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində heç bir irəliləyişə nail olunmadığını vurğulayan prezident ötən ilin sonunda bu prosesdə müəyyən canlanmanın müşahidə edildiyini bildirib. Azərbaycanın dövlət büdcəsinin Ermənistanın dövlət büdcəsini 8 dəfə, ölkəmizin əhalisinin işğalçı dövlətin əhalisini 6 dəfə üstələməsi, Ermənistanın ağır sosial-iqtisadi vəziyyətdə olması faktlarına əsaslanan dövlət başçısı bütün sahələrdə güclər nisbətinin respublikamızın xeyrinə olduğunu vurğulayıb.
Dövlət başçısı 2013-cü ildə maaş və pensiyaların artırıldığını, MDB məkanında məhz Azərbaycanda Sovet dövründən qalan əmanətlərin kompensasiyasının ən qısa müddətdə və ən yüksək əmsalla reallaşdırıldığını vurğulayıb. Prezident İlham Əliyev real siyasətə və görülən işlərə qiymət verərək ötən il onu yenidən dövlət başçısı seçən xalqa minnətdarlığını bildirib, bütün mötəbər qurumların seçkilərin azad, şəffaf və ədalətli şəraitdə keçdiyini rəsmi qaydada təsdiqlədiklərini bildirib. İclasa yekun vuran Prezident İlham Əliyev ötən ildə əldə olunan uğurların 2014-cü ildə də davam etdirilməsi üçün investisiya proqramlarının genişləndirilməsinin, makroiqtisadi sabitliyin qorunmasının, iqtisadi islahatların və sahibkarlığa dövlət dəstəyinin davam etdirilməsinin, inflyasiyanın səviyyəsinin sabit saxlanılmasının vacibliyini vurğulayıb.
Dövlət başçısı bu il qəbul ediləcək növbəti regional inkişaf və Bakı və ətraf qəsəbələrin inkişaf proqramlarının icrası ilə bağlı qarşıda yeni vəzifələrin durduğunu bildirib. Ölkənin əsas ərzaq məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsinin əsas məqsədlərdən biri olduğunu söyləyən prezident İlham Əliyev bunun üçün meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, iri fermer təsərrüfatları yaradılması və kənd təsərrüfatı üçün yeni texniki vasitələrin alınması üçün vəsait ayrılması prosesinin davam etdirilməsi, torpaq fondunun uçotunun başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib. Prezident İlham Əliyev 2014-cü ildə ölkə əhalisinin təbii qazla davamlı təchizatı, içməli su və kanalizasiya ,həmçinin kənd yollarının inşası layihələrinin icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışıb. Dövlət başçısı korrupsiyaya qarşı kompleks mübarizə tədbirlərinin 2014-cü ildə də davam etdiriləcəyini, bu sahədə öz səmərəliliyini artıq təsdiq etmiş ASAN Xidmət şəbəkələrinin genişlənəcəyini vurğulayıb.
Prezident İlham Əliyev 2014-cü ili həm də 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqda həlledici il kimi səciyyələndirib. Dövlət başçısı 2014-cü ilin “Sənaye İli” olacağını bildirib.