Prezident İlham Əliyev: "Korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır”

"Ekologiyanı çirkləndirən avtomobillər Azərbaycana buraxılmamalıdır".

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında deyib. Dövlət başçısı bəyan edib ki, ölkədə havanı çirkləndirən amillər bir daha təftiş edilməlidir. Prezidentin sözlərinə görə, “Avro-3” standartına keçid son hədd deyil, “Avro-4”, “Avro-5” standartları ilə bağlı işlər daha da sürətləndirilməlidir.

 

Prezident İlham Əliyev bildirib ki, havanı çirkləndirən əsas amil minik maşınlarıdır:  “Keçən il Azərbaycana yüz mindən çox avtomobil idxal edilib. Bu, əlbəttə ki, vətəndaşların rifah halının yaxşılaşmasını təsdiqləyən bir faktdır. Ancaq eyni zamanda, bizim yol infrastrukturumuza nə qədər böyük yükdür. Biz yollar çəkirik, qovşaqlar, tunellər tikirik. Bəlkə də Bakıda, Azərbaycanda olan bu layihələr heç bir başqa ölkədə yoxdur. Nə qədər yollar, tunellər tikilib və tikilir. Nə qədər vəsait ayrılır. Ancaq yüz min maşının - onların da böyük hissəsinin Bakıya gəlməsi, əlbəttə ki, tıxac problemlərini yaradır, ekoloji vəziyyəti pisləşdirir”.

 

Ekoloji standartlara, texniki şərtlərə uyğun olmayan maşınların Azərbaycana idxalının dayandırıldığını xatırladan dövlət başçısı deyib ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və Nazirlər Kabineti bütövlükdə bu məsələyə bir də baxmalıdır: “Ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır. Sıradan çıxmış maşınlar, ümumiyyətlə, gətirilməməlidir və mənə konkret təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək”.

 

İlham Əliyev havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmaq tapşırığı verib: “İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar belə müəssisələrin siyahısını mənə təqdim etsinlər və orada ciddi tədbirlər görülməlidir. Ya o müəssisələri işlədənlər, - istər dövlət, istər özəl qurumlar - lazım olan təmizləyici qurğuları quraşdıracaqlar, ya da ki, o müəssisələr bağlanmalıdır. Birmənalı şəkildə. Havanı çirklədən, insanları zəhərləyən müəssisələr lazım deyil”.

 

Prezident müşavirədə korrupsiyaya qarşı mübarizə tədbirlərinə də toxunub. Dövlət başçısı bəyan edib ki, bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır: “Biz bilirik, yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də var. Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır”.

 

Prezident İlham Əliyev əlavə edib ki, 2014-cü ildə korrupsiyaya qarşı mübarizə sahəsində daha böyük addımlar atılacaq.

 

Müəllif | Apa.Tv