Bakıda SİLAH ALVERÇİSİ TUTULDU
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz odlu silah əldə etmə, saxlama və satmaqda təqsirli bilinən şəxsi yaxalayıb. APA TV xəbər verir ki, Yasamal rayon sakini, 22 yaşlı Rəhim Əzimovun tapança satmaq istəməsi barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Rəhim Əzimov 1 ədəd “Revoliver” tipli tapançanı 1 ədəd gülləsi ilə bərabər 1000 Amerika dollarına satmaq istəyərkən cinayət başındaca tutulub. Onun üstünə baxış zamanı əlavə olaraq 1 ədəd tapança və sandıqçasında 2 güllə aşkar edilərək götürülüb.
Saxlanılan şəxs bildirib ki, silahları guya bir müddət əvvəl Yasamal rayonu ərazisindən tapıb. Tapançaları evə gətirərək gizlədib və satmaq üçün müştəri axtarıb. Nəhayət müştəri taparaq “Revolover”i 1000 dollara satmağa razılaşıb.
Lakin əməliyyatçılar Rəhim Əzimova silahları satmağa imkan verməyiblər. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kriminalistik ekspertiza tapançalardan hər hansı cinayətdə istifadə edilib edilmədiyini araşdırır.