Lənkəran su istehsalı sexi bağlandı
Lənkəran şəhərində su istehsalı və satışı ilə məşğul olan qanunsuz sex aşkarlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran Ərazi İdarəsinin əməkdaşlarının şəhərin Əliağa Vahid küçəsində fiziki şəxs Emin Məmiyevə məxsus qanunsuz fəaliyyət göstərən sexdə apardığı reyd zamanı həm də ciddi nöqsanlar üzə çıxarılıb.
Yoxlamalar zamanı məlum olub ki, sanitariya norma və qaydalarına məhəl qoyulmadan işləyən müəssisədə texnoloji təlimata əməl edilmir, istehsal olunan sular və şirələrin gigiyenik və uyğunluq sertifikatları yoxdur. Bundan əlavə, reyd zamanı müəssisədə ayrı-ayrı fiziki şəxslərə məxsus əmtəə nişanının adı ilə müxtəlif çeşiddə məhsulun istehsal olunduğu da müəyyənləşib. Həmçinin, hazır məhsulun sayının 15 min ədəddən çox olduğu da üzə çıxıb.
Məlumata görə, sözügedən istehsal sahəsindən götürülən nümunələr laborator müayinəyə göndərilib. Nəticələr məlum olduqdan sonra İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq sex sahibi barəsində müvafiq cəza tədbirinin tətbiq edilməsi gözlənilir. Sexin məhsullarının satışına isə qadağa qoyulub və qapıları möhürlənib.