FHN-dən əhaliyə DƏM QAZI XƏBƏRDARLIĞI

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazından zəhərlənmələrlə bağlı əhaliyə xəbərdarlıq edib. Müraciətdə son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə hallarının qeydə alınmaqda olduğu bildirilib. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsı səbəbindən baş verir

 

Dəm qazından zəhərlənmə zamanı bu simptomlar özünü biruzə verir: yaşaran gözlər, başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallyusinasiyaları başlayır. Bədəndə süslük əmələ gəlir. Bəzi hallarda isə qusma baş verir. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir.

 

APA TV-nin xəbərinə görə, müraciətdə bildirilir ki, dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Evdə dəm qazından  zəhərlənmənin qarşısını almaq üçün bir sıra qaydalara əməl etmək lazımdır

 

Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməli, otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirilməlidir.

 

FHN bildirir ki, dəm qazından zəhərlənmə baş verdikdə vətəndaşlar 103 və 112 qaynar xəttinə müraciət etməlidir.

 

Müəllif | Apa.Tv