Ötən il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin miqdarı açıqlandı
"Azərbaycanın iqtisadiyyatına ötən ildə 7 milyard manat sərmayə qoyulub". APA TV xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda maliyyə naziri Samir Şərifov bildirib. Nazir deyib ki, həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üçün 2 milyard 37 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 3 milyard 743 milyon manat ayrılıb: "2013-cü ildə dövlət büdcəsinin xərcləri 19 milyard 112 milyon manat və yaxud 96,3 faiz yerinə yetirilib. Bu, 2012-ci illə müqayisədə 1 milyard 697 milyon manat və ya 9,7 faiz çox deməkdir. Ötən il dövlət büdcəsi xərclərinin 32,6 faizi və ya 6 milyard 239 milyon manatı sosial təyinatlı xərclərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idman xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 598 milyon manat və ya 10,6 faiz çoxdur".
Maliyyə naziri deyir ki, qeyri-neft sektorundan əldə olunan daxilolmalar 2012-ci illə müqayisədə 584 milyon manat və yaxud 13 faizə yaxın artıb. Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi müvafiq olaraq 104,1 faiz və 100,2 faiz əməl edərək büdcəyə 6 milyard 664 milyon manat və 1 milyard 383 milyon manat vəsait təmin ediblər ki, bu da 2012-ci ilə nisbətən müvafiq olaraq 639 milyon manat və 175 milyon çoxdur.