Heydər Əliyev və Babək prospektlərini birləşdirəcək YENİ YOL SALINIR

Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov küçələrinin kəsişməsində inşa olunan tunel-piyada keçid kompleksi 2014-cü ilin birinci yarım ilində istifadəyə veriləcək. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA TV-yə deyib ki, 940 metr uzunluğu, 16 metr eni olan yeni tunel kompleksi 2 gediş, 2 gəliş olmaqla 4 zolaqdan ibarət olacaq: "Bu layihə tam istifadəyə verildikdən sonra Müzəffər Nərimanov küçəsindən gələn nəqliyyat vasitələri tunel vasitəsi ilə 5-ci köndələn küçəsinə çıxa biləcək. Həmçinin, sözügedən küçədən dönmə əməliyyatı yerinə yetirməklə Heydər Əliyev prospektində hava limanı istiqamətində hərəkət edə biləcək".

 

Yeni inşa edilən tunelin hazırda istinad divarları beton plitələrlə üzlənir, divarların kənarlarına mərmər plitələr düzülür. Paralel olaraq, yan yollarında tikintisi həyata keçirilir.

 

Tunelin tikintisi zamanı ərazidən bir sıra obyektlər köçürülüb ki, bu köçürülmə gələcəkdə də davam edəçək. Sözügedən obyektlərin sahiblərinə isə razılaşma yolu ilə kompensasiya ödəniləcək.

 

Pünhan Mürsəliyev deyir ki, hazırda həyata keçirilən tikinti işləri nəzərdə tutulan layihənin birinci mərhələsidir. İkinci mərhələnin isə yaxın gələcəkdə reallaşması gözlənilir.


Layihənin ikinci mərhələsində tunelin tikintisinin bir qədər də uzadılaraq Neolit dairəsi adlanan ərazidən keçməklə Babək prospektinə çıxışı nəzərdə tutulur. Hansı ki, bu zaman avtomobillərin hərəkəti Babək prospektindən birbaşa Heydər Əliyev prospektinə çıxa biləcək. Bütün bunlar isə gələcək planda nəzərdə tutulur.

 

Layihənin əsas hissələrindən biri də ərazidə piyada keçidinin tikintisidir. Ərazidə məktəb və idman stadionu olduğundan burda prospekti keçmək bir sıra hallarda insanların həyatı bahasına başa gəlir. Baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün yeni inşa edilən piyada keçidinin uzunluğu 105 metrdir: "Uzunluğu 105 metr, eni 16 metr, hündürlüyü isə 3 metr təşkil edir. 4 giriş çıxışdan ibarət olan keçiddə 3 eskalator, piyadaların gün ərzində təhlükəsizliyini izləmək üçün video-kameralar quraşdırılıb. Hazırda layihə üzrə son tamamlanma işləri həyata keçirilir".

4 giriş-çıxışdan ibarət olan keçiddə hazırda təmir bərpa işləri aparılsa da, piyadaların keçidinə icazə verilir. Bunun da özəl səbəbləri var. Belə ki, keçidin üst hissəsində piyadaların keçidi təhlükəli olduğundan bunun qarşısını almaq üçün məhz tam hazır olmayan keçiddən istifadəyə icazə verilib.  

 

Qeyd edək ki, keçid tunel kompleksinin tikintisinə 2012-ci ilin oktyabr ayından  başlanılıb. 

Müəllif | Apa.Tv