Çörəkbişirmə sexindən ürəkbulandırıcı görüntülər
Xaçmazda iki çörəkbişirmə sexində qanun pozuntuları aşkarlanıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Xaçmaz ərazi idarəsinin əməkdaşları rayonda fəaliyyət göstərən iki çörəkbişirmə sexində reyd keçiriblər. Fiziki şəxslər – Xaçmaz rayon sakini Azər Həşimov və Ceyhun Səfərova məxsus çörək bişirmə sexlərində bir sıra qanun pozuntuları aşkar edilib.
Reyd zamanı müəssisələrdə qanunvericiliyin tələblərinə zidd olaraq istehsal olunan məhsul üçün müvafiq qaydada təsdiq olunmuş uyğunluq sertifikatlarının olmadığı, ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçmədən istifadə olunduğu aşkarlanıb.
Dövlət Komitəsinin əməkdaşları tərəfindən həmin çörəkbişirmə sexlərinə protokol tərtib olunub. Hər iki müəssisəni 1500 manatdan 2000 manatadək cərimə gözləyir.