Sabiq daxili işlər naziri xəstəxanaya yerləşdirilib
Kiyevdə “Berkut” xüsusi təyinatlı milis dəstəsinin üzvləri tərəfindən döyülən Ukraynanın sabiq daxili işlər naziri Yuri Lusenko xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Yuri Lusenkonun mətbuat katibi bildirib ki, aldığı zərbələr nəticəsində Yuri Lusenkonun başında dərialtı gematomalar yaranıb. Ona 3 santimetrlik tikiş atılıb, qapalı kəllə-beyin travması diaqnozu qoyulub. O, hadisə zamanı qismən huşunu itirib.
Qeyd edək ki, yanvarın 10-da axşam Kiyevin Svyatoşinsk rayon Məhkəməsi “Ukrayna patriotları” təşkilatının üç üzvünü 6 il müddətinə azadlıqdan məhrum edib. Onlar 2011-ci ildə Borispolda Leninin heykəlini partlatmaq cəhdinə görə məhkum olunublar. Məhkəmənin qarşısına toplaşan müxalifət fəalları ilə milis arasında toqquşma baş verib. Nəticədə aralarında deputatların və jurnalistlərin də olduğu bir neçə nəfər xəsarət alıb. Şahidlərin sözlərinə görə, Yuri Lusenko öz həyat yoldaşı, deputat İrina Lusenkonu qorumaq istəyərkən başından dəyənək zərbələri alıb.
Kiyev Prokurorluğu sabiq nazirin döyülməsi faktı üzrə cinayət işi qaldırıb.