Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər imtahan verib
Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər imtahan verib. Paytaxt Bakıda ümumilikdə iki binada keçirilən imtahan 3 saat davam edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Vəkillər Kollegiyasının birgə təşkil etdiyi müsabiqədə iştirak etmək üçün 706 nəfər müraciət edib.
İmtahan rəhbərindən olan Ziyyəddin Musayev bildirib ki, imtahanda vəkil olmaq istəyənlərə 100 sual verilib: " 80 sual hüquq sahəsinə, 20 sual isə məntiq sahəsinə aiddir. İmtahan başlayandan bir saat keçənədək heç bir namizəd imtahan binasından kənara buraxılmayıb".
İmtahanın idarə olunması üçün 11 imtahan rəhbəri, 60 nəzarətçı müəllim cəlb edilib.
TQDK-dan verilən məlumata görə, vəkillərin test imtahanında suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Doğru cavablar imtahan günü TQDK-nın internet saytında yerləşdiriləcək və nəticələr Vəkillər Kollegiyasına təqdim olunacaq. Test imtahanında 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılacaq