ARDNŞ-dən işçilərinə: "Biz heç kimə söz vermirik ki..."
Azərbaycan Dövlət Neft Şirkəti işdən çıxarılan gənc işçilərin yenidən işlə təmin oluna biləcəyinə aydınlıq gətirib.
ARDNŞ-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli “APA-Economics”ə bildirib ki, ixtisara düşmüş işçilərin adları ARDNŞ kadr ehtiyatı bazasına oturdulur. “İxtisara düşən işçilər 2 aylıq ödənişlərini alıblar. Kadr ehtiyatı bazasında elə insanların adları və ixtisasları var ki, onları işlə təmin etmək mümkün deyil. Bu ixtisaslar üzrə komplektləşdirilmə həyata keçirildikdən sonra şirkət üzrə mövcud vakansiya olduqda, işdən könüllü şəkildə çıxanların, təqaüdə gedənlərin hesabına yenidən işlə təmin ediləcəklər”.
A.Bəkirli bildirib ki, bu ixtisaslar üzrə vakansiyalar yarandıqda qurum test üsulu ilə imtahan keçirəcək və bu imtahanı ən yüksək balla keçən işçi yenidən işlə təmin ediləcək.İmtahanda keçid balını keçməyən işçilərə isə bir daha gələcəkdə iş təklif olunmayacağı da bəyan edilir.
ARDNŞ-a kənardan işə qəbul edilməsi prosesi dayandırıldığını deyən Asif Bəkirli
bildirib ki, Neft Şirkəti 500 nəfər işçinin ikinci peşəyə yiyələnəcəyini də müəyyən edib: “Əgər onların ixtisaslarına vakant iş yeri yaranarsa, biz həmin işçinin peşəsini dəyişməsini təmin edəcəyik. Şirkət öz vəsaiti hesabına bu işçilərin ixtisas artırılmasını həyata keçirəcək. Onlar ixtisasartırma sertifikatını aldıqdan sonra ARDNŞ onları ən tələb olunan vakansiya ilə təmin edəcək. Biz heç kimin hüququnu tapdalamaq fikrində deyilik. Amma bununla belə, ARDNŞ olaraq söz verə bilmərik ki, bu insanların hamısı əvvəl işlədiyi vəzifəyə, əvvəl aldığı maaşa və dərəcəyə uyğun işə geri qaytarılacaq. Burada da rəqabət əsas rol oynayacaq. Biz ən ədalətli prinsiplərlə həmin işçiləri geri qaytarmağa çalışacağıq. Burada savad, bilik, bacarıq və səriştəlilik əsas rol oynayacaq. Bu savad və biliyin göstəricisi isə onun verdiyi test imtahanın nəticələri müəyyən edəcək. Həmin işçilər də test imtahanını verdikdən sonra yeni iş yerinə məktubla göndəriləcək. Bundan ədalətli bir metod və addım varsa, biz ona da baxa bilərik”.