MİLLƏT VƏKİLLƏRİNİN SİLLƏ-TƏPİK DAVASI
Türkiyə Böyük Millət Məclisinin ədliyyə komissiyasında Hakimlər və Prokurorlar Yüksək Qurumu ilə bağlı təklifin müzakirəsi zamanı dava düşüb. Müzakirələrdə İttihamçılar və Vəkillər Birliyinin keçmiş rəhbəri Ömər Faruk Eminağaoğlu təkliflə bağlı çıxış etmək istəyib. Lakin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlar ondan yerinə oturmasını tələb ediblər. Lakin Eminağaoğlu buna məhəl qoymayıb və kürsüyə doğru irəliləməkdə davam edib. Hakim partiyadan olan millət vəkillərinin ona mane olmaq cəhdi məsələyə Cümhuriyyət Xalq Partiyasından olan deputatların qarışmasına səbəb olub. Mübahisə qısa müddət ərzində davaya çevrilib. Dava zamanı hakim partiyadan olan deputat Zeyid Aslan Eminağaoğluna təpik atıb. Millət vəkilləri bir-birilərinə yumruq və təpiklə hücum edib, su şüşəsi, çanta, telefon və planşet atıblar
Dava nəticəsində masalardakı mikrofonlardan bir neçəsi sınıb.
Ədliyyə komissiyasının rəhbərliyi iclası yarımçıq dayandırmalı olub. Komissiyanın sədri millət vəkillərini demokratik müzakirələrə çağırıb.
Dava nəticəsində İttihamçılar və Vəkillər Birliyinin keçmiş rəhbəri Ömər Faruk Eminağaoğlu və Cümhuriyyət Xalq Partiyasından olan deputat Mahmud Tanal xəsarət alıblar və xəstəxanaya müraciət ediblər.