Peşə liseyində yanğın: zəhərlənənlər var

Ötən axşam Bakının Nərimanov rayonu ərazisində, 3 saylı peşə liseyinin binasında yanğın baş verib. Binanın bəzi otaqları boşaldılsa və lisey başqa binaya köçürülsə də, bəzi otaqlarda məcburi köçkünlər məskunlaşdırılıb. Yanğın binanın boşaldılmış 3-cü mərtəbəsindən başlayıb və yaşayış olan dördüncü mərtəbəyə keçib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri cəlb edilib:

 

Qısa müddət ərzində yanğın məhdudlaşdırılıb və otaqlara yayılmasına imkan verilməyib. Yanğın zamanı binada məskunlaşan məcburi köçkünlərdən bir neçəsi tüstüdən zəhərlənib və hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb. Tüstündən özünü pis hiss edən əsasən azyaşlılar olublar.

 

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, yanğın zamanı 3-cü mərtəbədə tədris otağı, içərisində olan köhnə avadanlıqlar 16 kv.m sahədə və 4-cü mərtəbədə məskunlaşmış köçkünlərin 1 otağının pəncərə cərcivəsi yanıb, istidən 1 ədəd kondisioner əriyib. Yanğınsöndürənlər tərəfindən binadan 30 nəfər təxliyyə olunub. Təcili Tibbi Yardım Stansiyası tərəfindən 4 nəfər tüstüdən boğulma diaqnozu ilə adiyyəti üzrə aparılıb.

 

Müəllif | Apa.Tv