Volqoqradda TERROR AKTLARINI SƏUDİYYƏ ƏRƏBİSTANI TÖRƏDİB - İTTİHAM

Səudiyyə Ərəbistanının Rusiyada törədilmiş terror aktlarında birbaşa əli var. Bu iddia ilə İran kütləvi informasiya vasitələri çıxış edib. Rusiya Federal Təhlükəsizlik Xidmətindəki mənbəyə əsasən, yayılan məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanının Volqoqradda terror aktlarını gerçəkləşdirməkdə iştirakına dair bütün zəruri sübutlar artıq toplanaraq Rusiya prezidenti Vladimir Putinə təqdim olunub. Təqdim olunan sənəddə terrorçu qadınların Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Livanda müvafiq psixoloji təlim keçdikləri, terror hazırlığı prosesinin Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirildiyi bildirilir. “Fars” agentliyi iddia edib ki, Səudiyyə Ərəbistanına qarşı dəlillər təkzibedilməzdir və Rusiya çox güman ki, krallığa qarşı ciddi cavab zərbəsi endirəcək.


APA TV-nin xəbərinə görə, Səudiyyə Ərəbistanının Rusiyaya qarşı bu addımı krallıqla Moskva arasında Suriya məsələsində ciddi fikir ayrılığının olması ilə əsaslandırılır. Ər-Riyad Moskvaya irimiqyaslı neft-qaz müqavilələrində pay təklif edib və bunun müqabilində Kremldən Bəşər Əsədə verdiyi dəstəyi dayandırmağı tələb edir. Moskva Səudiyyə Ərəbistanının bu təklifini rədd etdikdən sonra krallığın kəşfiyyat idarəsinin rəisi şahzadə Bəndər bin Sultan Rusiya ərazisində terror aktları gerçəkləşdirməyi əmr edib. Bu versiya İranla yanaşı, İsrail kütləvi informasiya vasitələrində də yer alıb. Qərbin Əsədi dəstəkdən məhrum etmək planlarında vasitəçilik missiyasını məhz bu şahzadə həyata keçirir. Xatırladaq ki, hələ ötən ilin avqustunda “Reuters” agentliyi Bəndən bin Sultanın Rusiya prezidentinə silah sifarişi ilə bağlı 15 milyard dollarlıq müqavilə təklif etdiyi barədə xəbər yaymışdı. Müqavilədə Səudiyyə Krallığının tək şərti Moskvanın Bəşər Əsədə silah satışını dayandırması ilə bağlı idi. Qərb mətbuatı hesab edir ki, Moskva Suriyada mövcud rejimə dəstəyini hələ də davam etdirdiyinə görə, deməli, Səudiyyə Krallığının təklifini rədd edib. “The Telegraph” qəzeti Bəndər bin Sultanın Rusiyanı şirnikləndirmək üçün ikinci cəhd etdiyini yazır. Qəzetin yazdığına görə, Səudiyyə Krallığı OPEK-lə Rusiya arasında strateji müttəfiqliyin yaradılmasını və bununla da Rusiyaya dünyanın neft bazarına qismən nəzarət etmək imkanı təklif edib. Yenə də irəli sürülən yeganə şərt Moskvanın Əsəd rejiminə dəstəkdən əl çəkməsi olub. Moskvanın bu təklifdən də imtina etməsi krallığın daha radikal təzyiq üsullarına əl atması ilə nəticələnib ki, Volqoqradda baş verən terror aktları da bunun nəticəsi hesab olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv