Həbsxanada xidmət edən ƏSGƏR ÖZÜNÜ GÜLLƏLƏNDİ
Azərbaycanda əsgər özünü güllələyib. Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayının Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Əsgər Coşqun Elşad oğlu Rzayev özünü güllələyib. O, hadisə yerindəcə keçinib.
Coşqun Rzayev Beyləqan rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumatda bildirilir ki, yanvarın 12-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının əsgəri, 2013-cü ilin iyul ayında Beyləqan rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılıb, 1990-cı il təvəllüdlü sıravi Rzayev Coşqun Elşad oğlu xidmət apardığı keşikçi postunda növbədə tək olduğu şəraitdə saat 19.10 radələrində ona təhkim olunmuş avtomat silahından açılmış atəş nəticəsində xəsarət alıb. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Lakin görülmüş tədbirlərə baxmayaraq, əsgər aldığı ağır bədən xəsarətindən vəfat edib. Dərhal verilmiş məlumat əsasında hadisə yeri aidiyyəti üzrə Bakı şəhər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müayinə edilib.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.