Qamət Süleymanovla Suriyada döyüşənləri dəstəkləyənlər arasında FİKİR AYRILIĞI
Fəaliyyəti dayandırılmış “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov və onun tərəfdarları Suriyada radikal dini qruplaşmalar arasında gedən döyüşlərə dəstək nümayiş etdirən Əlixan Musayev və Mübariz Qarayevlə bağlı bəyanat yayıblar.
APA TV-nin xəbərinə görə, Mədinə Şəhəri Beynəlxalq İslam Universitetinin məzunlarının adından imzalanan bəyanatda bildirilir ki, Əlixan Musayev və Mübariz Qarayev təkfirçilərlə əlaqə, gəncləri təkfirçiliyə yönəltmə və təkfirçilərə dəstək verməklə sələf mənhəcinə müxalif olublar: "Çox sayda yalan danışdığına və ondan tələb edilən məsələlərdə açıqlama verməkdən boyun qaçırdığına görə Mədinə tələbələri Əlixan Musayev və Mübariz Qarayev mənhəclərini bəyan edənə qədər bizim sıralarımızdan tərk edilsinlər".
Qamət Süleymanov APA-ya bildirib ki, Əlixan Musayevin son zamanlar nümayiş etdirdiyi fəaliyyəti “Xəvaricilər”ə daha yaxındır: "Əməllərindən açıq şəkildə hiss olunur ki, o, bizdən fərqli olaraq Suriyaya gedərək vuruşan qardaşlara dəstək verir və bizə qarşı müxalif mövqedədir".
APA-nın əldə etdiyi məlumata görə isə, Əlixan Musayev Suriyada gedən döyüşlərə böyük dəstək verir və Bəşər Əsədə qarşı vuruşan mücahidlərlə yaxın təmasdadır.