Göyçayda naməlum heyvan skeleti aşkarlanıb
Göyçayda yaşayış evinin zirzəmisindən naməlum heyvan skeleti aşkarlanıb. APA TV-nin məlumatına görə, skelet rayonun Ləkçiplaq kənd sakini Ağabala Əliyevin yaşadığı evdə təmir-bərpa işləri aparılarkən tapılıb. Kəndin baytar həkimi və skeleti görən hər kəs onu heç bir heyvana bənzədə bilmir. Güman edilir ki, bu naməlum sürünən gəmirici heyvandır. Skeletə baxanlar onu müəyyən hissələrinə görə vəhşi pişiyə oxşadırlar. Baytar həkim Hüseyn Şükürov bildirib ki, bu vaxta kimi Göyçay rayonunun 3 ayrı yerində belə naməlum heyvan skeletləri aşkarlanıb.
Uzunluğu bir metr olan bu skeletin bir hissəsi tapılmayıb. Güman edilir ki, bu skeleti evin zirzəmisinə həyətdəki it gətirib. Baytar həkim bu skeletin fərqliliyini onun boyun fəqərəsinin olmaması ilə bağlayır. Burada baş sümüyü bir başa qabırğa sümüyünə birləşib. Bundan başqa, qabırğa sümüyünün sayı da başqa ev heyvanların sümüyündən çoxdur.
Maraqlı odur ki, Göyçayda indiyədək bu cür skeletlərin hamısı köhnə evlərin zirzəmisindən tapılıb.