Sürücü: "Nəqliyyat Nazirliyinin əməkdaşları məni döydülər" - İTTİHAM
Bakıda kirayədə yaşayan Nəsir Mikayılov Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən döyüldüyünü iddia edir: "Qapını açdım, 4 nəfər oturdu. O birilər də açdılar, oturdular. Biri yapışdı boynumdan, qanırdı. Açarı götürdüm. Qaçmaq istəyəndə iki nəfər də məni vurdu. Biri qarnıma, biri ayağıma. Keyidi ayağım, qaça bilmədim".
APA TV-nin xəbərinə görə, o, deyib ki, hadisə Bakının Nərimanov rayonunda, Babək prospektində baş verib. Gecələr taksi sürücülüyü edən Nəsir Mikayılov iddia edir ki, Nəqliyyat Nazirliyinin onu əməkdaşları döyüblər. Kürdəmir rayon sakini olan Nəsir Mikayılov hazırda Buzovnada kirayə yaşadığını, gecələr taksi kimi fəaliyyət göstərdiyini deyib. Onun özlərinə görə, döyülməyinə səbəb sənədlərini özlərini Nəqliyyat Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərə verməməyi olub. Həmin şəxslər sonradan onun sənədlərini götürüb hadisə yerindən uzaqlaşıblar. Nəsir Mikayılov "102" polis xidmətinə və təcili tibbi yardıma zəng edib. O, xəstəxanaya çatdırılıb.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Lent.az-a məsələnin araşdırıldığını deyib.