Avtobuslarda KART DÖNƏMİ BAŞLADI
Yanvarın 13-dən etibarən Bakı şəhərinin ictimai avtomobil nəqliyyatında vahid ödəniş kartlarından istifadə sisteminin tətbiqinə başlanılıb. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov APA TV-yə deyib ki, 450 minə yaxın kart hazırdır: "Bir milyona yaxın kart sifariş verilib. İlk olaraq 10 və 95 nömrəli marşurutlarda tətbiq etmişik. Fevral ayının sonuna qədər 36 marşurutda və 650-ə yaxın avtobusda tətbiq ediləcək".
Artıq paytaxtın təxminən 80-ə yaxın "Qasid" köşkündə Bank of Azərbaycanın filallarında, "Yolkart " loqosu ilə təchiz olunan ticarət obyektlərindən, iri supermarketlərdən, ticarət mərkəzlərindən əldə etmək mümkündür. Həmin məntəqələrdən istifadəçi həm də kartda balansını öyrənə, həm də balansını artıra bilər.
Kartların qiyməti 3 manatdır, bunun 2 manatını sığorta depoziti təşkil edir, 1 manatı isə balansa yüklənir.
Gediş haqqının ödənilməsi istifadəçinin avtobusa ön qapıdan daxil olduğu zaman həyata keçirilir. İstifadəçi avtobusa daxil olduğu zaman kartını validatora yaxınlaşdırır və kartından gediş haqqı silindikdən sonra avtobusun salonuna keçir.
Gediş haqqının silinməsi ictimai nəqliyyatda olan müvafiq tarifə əsasən, həyata keçirilir. Kart qaytarılarkən 2 manat geri verilir. Ancaq bu, yalnız Bank of Azərbaycanın satış nöqtələrindən mümkündür. İstifadəçi kartı geri qaytardığı zaman öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Namiq Həsənovun sözlərinə görə, kartlardan xarici ölkələrdə də ödəniş vasitəsi kimi istifadə etmək mümkündür. Nəqliyyat rəsmisi hesab edir ki, kart sistemi nəqliyyatın işçini bir qədər yüngülləşdirəcək: "Tıxaclar aradan qalxandan sonra sürücülərin bir-biri ilə yarışması məsələsi ləğv olunacaq. Digər tərəfdən isə qrafiqə düzgün əməl olunacaq. Kart sistemində sürücünün pul maraqlandırmır".
Kart sistemi tətbiq edildikdikcə sürücülər maaş sistemi ilə çalışacaqlar.
Sürücülər də bu yenilikdən razıdırlar.
Sürücülərin planı doldurmaq üçün avtobusu sürətli idarə etdiklərindən şikayətlənən sərnişinlər hesab edirlər ki, kart sistemi onlar üçün daha təhlükəsiz olacaq.
Kart sisteminə tam keçid 2014-cü ilin sonuna yekunlaşacaq.