Almaniyada vəfat edən Vüqar Həşimovun CƏNAZƏSİ BAKIYA GƏTİRİLDİ
Yanvarın 11-də Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovun cənazəsi xüsusi reyslə Bakıya gətirilib. APA TV-nin xəbərinə görə, Heydər Əliyev Hava Limanında qrossmeysteri qarşılamağa Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, şahmat ictimaiyyətinin nümayəndələri, eləcədə mərhum qrossmeysterin yaxınları və dostları gedib.
Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib ki, Vüqar Həşimovda uşaq vaxtından epilepsiya olub: "Müalicə olunurdu. Keçən ilin aprel ayından yaxşı deyildi. Apardılar Almaniyaya. Biz ümid edirdik ki, Vüqar qayıdacaq".
Şahmatçı Şəhriyar Məmmədyarov deyib ki, mərhumla 20 ilə yaxındır, bir komanda oynayıb: " Bu çox böyük bir müddətdir. Bir yerdə gözümüzü açmışıq. Bir yerdə udmuşuq, uduzmuşuq, bir yerdə sevinmişik, kədərlənmişik. Amma elə alındı ki, Vüqar bizi vaxtsız, erkən tərk etdi. Bizim Vüqarla böyük ideyalarımız, planlarımız var idi. Necə edək ki, dünyadakı titulları birlikdə qazanacaq. Amma qismət olmadı. Amma biz milli komanda olaraq Vüqarın bütün arzularını, şahmatda alınmayan arzularını yerinə yetirəcəyik".
Vüqar Həşimovla vida mərasimi Respublika Şahmat Mərkəzində baş tutacaq. Vida mərasimindən sonra Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda torpağa tapşırılacaq.