Göyçayda ÜÇ EV YANDI
Göyçay şəhərində bir-birinə birləşik 3 fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Rayon Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən məlumata görə, hadisə Göyçay şəhərinin Nizami küçəsindəki 238 saylı mənzildə qeydə alınıb. Üç ailəyə məxsus fin tipli və ümumi sahəsi 306 kvadratmetr olan mənzillərdə baş verən yanğının söndürülməsi üçün əraziyə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı 44 yaşlı Davudov Vüqar Məsim oğlunun və 61 yaşlı İsgəndərova Ruhəngiz İlyas qızına məxsus evlərin ümumi sahəsi 90 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanıb, həmin iki mənzilin qalan hissəsi və 49 yaşlı Rüstəmova Zəhra Əsgər qızına məxsus ümumi sahəsi 90 kvadratmetr olan ev yanğından xilas edilib.
Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.