Güclü küləyin fəsadları:dirəklər aşdı, maşınlar əzildi, evlərin damı uçdu
Şamaxı rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib. Külək yaşayış evlərinin, tövlələrin dam örtüyünə, elektrik təsərrüfatına, bir neçə avtomobilə ziyan vurub. Şamaxı şəhərində 20-yə yaxın evin və yardımçı tikilinin dam örtüyü yerindən qopub, şəhərin bəzi yerlərində elektrik və rabitə xətləri qırılıb. Güclü külək kəndlərdə də dağıntılara səbəb olub. Bir neçə kənddə elektrik dirəkləri aşıb, xətlər qırılıb, əhaliyə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Şamaxı şəhərində Təhmasib Niftalıyev və Ədalət Kərimova məxsus minik avtomobilləri küləyin yıxdığı ağacların altında qalıb. Hər iki avtomobil əzilərək yararsız hala düşüb. Sürücülərdən biri yüngül xəsarət alıb, o birinin isə qolu sınıb.
APA TV-nin xəbərinə görə, rayon fövqəladə hallar komissiyasının nümayəndələri hazırda küləyin təsirindən ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, evlərə baxış keçirilir. Rayona dəymiş ziyanın ümumi məbləği hələ məlum deyil.