“Qızıl top”un sahibi Ronaldu oldu

FİFA-nın “Qızıl top” mükafatı Madridin “Real” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronalduya verilib. Beləliklə, Ronaldu həm “Qızıl top”a sahib oldu, həm də ən böyük rəqibi sayılan argentinalı Lionel Messinin bu mükafatı ardıcıl beşinci dəfə qazanmasına imkan vermədi.

 

APA TV-nin xəbərinə görə, mükafatı almaq üçün səhnəyə çıxan Kriştianu Ronaldu göz yaşlarını saxlaya bilməyib. O, komanda yoldaşlarına, Portuqaliya millisinə və ailəsinə təşəkkür edib. Ulduz futbolçu Eysebio və Mandelanın da xatirəsini yad etməyi unutmayıb.

 

Kriştianu Ronaldu ötən il 60 oyunda 69 qol vurub. O, ilk “Qızıl top”unu 2008-ci ildə - “Mançester Yunayted”in heyətində çıxış edəndə qazanıb.

 

2013-cü ilin ən yaxşı futbolçusu adına “Barselona”nın hücumçusu, ardıcıl dörd dəfə “Qızıl top”a layiq görülmüş Lionel Messi və Müqhen “Bavariya”sının yarımmüdafiəçisi Frank Riberi də iddia edirdi.

 

Sürixdə keçirilən mərasimdə ilin ən yaxşı qoluna görə mükafatı İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç alıb. Ən yaxşı qadın futbolçu adı Almaniya millisinin qapıçısı Nazin Angererə verilib. Münhen “Bavariya”sının çalışdırıcısı Yupp Haynkes isə ilin ən yaxşı məşqçisi olub.

 

Futbol üzrə üçqat dünya çempionu, əfsanəvi braziliyalı futbolçu Pele də “Qızıl top” alıb. Xüsusi mükafata layiq görülən futbol əfsanəsi göz yaşlarına hakim ola bilməyib.

Müəllif | Apa.Tv
Apa.tv