Sərxoş sürücü "BMW" ilə ağacı kökündən çıxardı
Ötən gecə Bakıda restorandan içkili çıxan sürücü qəza törədib. Hadisə Nərimanov rayonunda yerləşən Dədə Qorqud istirahət parkının yaxınlığında qeydə alınıb. Sürücü Vüqar Əliyev "BMW" markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən, Bakıxanov və Səxavət Quliyev küçələrinin kəsişməsindən Vaqif küçəsinə dönmək istəyib. Dönmə əməliyyatını düzgün yerinə yetirə bilməyən sürücü avtomobili əvvəlcə yol hərəkət qaydalarını göstərən tabloya, daha sonra ağaca çırpıb. Zərbə güclü olduğundan ağac kökündən qoparaq aşıb. Hadisə nəticəsində Vüqar Əliyev və sərnişini Vladimir Quber xəsarət alaraq, Kliniki Tibbi Mərkəzə aparılıblar. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, sürücünün vəziyyəti ağır olduğundan, o, əməliyyat olunub. Sərnişin Vladimir Quber isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İlkin ehtimala görə, hadisəyə sürücünün avtomobili içkili idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.