Bakıda Dəniz Ticarəti Limanı nə vaxt istismara veriləcək?
"Ələt qəsəbəsinin ərazisində tikilməkdə olan yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı kompleksi Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına qədər istismara veriləcək”.
Bunu APA TV-yə Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, liman kompleksində bir sıra sahələrdə tikinti işlərinin 80%, bəzi ərazilərdə isə 30 % həyata keçirilib. Namiq Həsənov deyir ki, yeni limanın istismara verilməsi fəaliyyətlərində böyük imkanlar açacaq: "Daha çox Xəzərlə həmsərhəd olan dövlətlərdən təkliflər gəlir. Biz çalışacağıq ki, digər dövlətlərlə də iş birliyi quraq".
Yeni liman kompleksində ildə 10 milyon tona qədər yük və TEU standartlarında 40 min konteyner işləniləcək. Layihə çərçivəsində avtomobil və dəmir yolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük terminalı, konteyner sahəsi və sair inşa olunacaq. Nazirlik sözçüsü deyir ki, yeni liman hazır olduqdan sonra ərazidə yük təyyarələrinin istismarı üçün hava limanının tikilməsi də nəzərdə tutulur.