Vüqar Həşimov SON MƏNZİLƏ YOLA SALINDI

Onu son mənzilə yaxınları, dostları, sevənləri yola saldı. Çempion olduğu günlərdə adı xəbərlərin manşetindən düşmürdü. İndi isə hər kəs onun vaxtsız ölümündən danışır. Yanvarın 11-də Almaniyanın Heydelberq klinikasında gözlərini əbədi yuman qrossmeysterimiz  ölümü ilə çoxlarını ağlatdı.

 

Cənazəsi xüsusi reyslə Bakıya gətirilən Vüqarın cənazəsini qarşılamağa Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, şahmat ictimaiyyətinin nümayəndələri, eləcədə mərhum qrossmeysterin yaxınları və dostları gəlmişdi.

 

APA TV-nin xəbərinə görə, Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib ki, Vüqar Həşimovda uşaq vaxtından epilepsiya olub: "Müalicə olunurdu. Keçən ilin aprel ayından yaxşı deyildi. Apardılar Almaniyaya. Biz ümid edirdik ki, Vüqar qayıdacaq".

 

Vüqar Həşimovla vida mərasimi Respublika Şahmat Mərkəzində keçirildi. Mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, dövlət rəsmiləri, millət vəkilləri, mərhumun yaxınları, idmançı yoldaşları iştirak ediblər.

 

Vüqar Həşimov vida mərasiminin ardından 3-cü Fəxri xiyabanda torpağa tapşırıldı. Bunun ardından Təzəpir məscidində ehsan verildi.

 

1986-cı il iyulun 24-də Bakıda anadan olan Vüqar Həşimov üçqat Azərbaycan çempionu tituluna sahib idi. Qrossmeyster 2009-cu ildə yığmamızın heyətində Avropa çempionu olub. O, 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. Həşimov uzun müddətdir əziyyət çəkdiyi beyin xərçəngindən dünyasını dəyişib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı