Ağcabədidə mal-qara oğruları yaxalandı
Ağcabədidə həyətlərdən və mağazadan oğurluq edən şəxslər yaxalanıb. RPŞ-dən APA TV-nın Qarabağ bürosuna verilən xəbərə görə, son günlər vətəndaşlara məxsus mal-qaranın oğurlanması faktı ilə şöbəyə daxil olan müraciətlər əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində üç nəfər salanılıb. Oğurluq əməlini Ağdaş rayon Xosrov kənd sakinləri, 1986-cı il təvəllüdlü İsayev İsmayıl Vahid oğlu, 22 yaşlı Mahmudov Ramin Arif oğlu və onun həmyaşıdı Əlizadə Şahin Hakim oğlu törədiblər. Onlar dəfələrlə Hüsülü kəndində yaşayan tanışlarının evinə gələrək orada gecələyib, tezdən gedəndə isə hansısa kənd sakininin heyvanını oğurlayıblar. Dəstə üzvləri apardıqları heyvanları sözügedən yaşayış məntəqəsinin yaxınlığındakı mal bazarında satırlarmış.
Digər oğurluq hadisəsini isə Cəfərbəyli kənd sakini Əbilov Səxavət Allahverdi oğlu törədib. O, Ağcabədi şəhər sakini Mirzəyev Elnur Sabir oğluna məxsus mağzadan elektrik generatoru oğurlayıb. Səxavət Əbilov istintaqa ifadəsində başqa-başqa ünvanlardan da kiçik həcmli su nasosları apardığını etiraf edib.
Hər iki fakt üzrə araşıdrma aparılır.