Pokrov bazarının aqibəti necə olacaq?
Moskva şəhərinin Qərbi Biryulevo rayonunda 3 ay əvvəl fəaliyyəti dayandırılan meyvə-tərəvəz bazasının yenidən fəaliyyətə başlaması sual altındadır. Bazarın bərpa olunduğu haqda xəbəri təkzib edən Moskva şəhər Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib ki, Qərbi Biryulevo rayonundakı Pokrov meyvə-tərəvəz bazasının fəaliyyətinin bərpa olunması yenidən kütləvi nümayişlərin başlanmasına gətirib çıxara bilər: " Məhkəmə bazanın fəaliyyətini 90 gün müddətinə dayandırıb. Müddət bitir. Lakin biz bilirik ki, obyektin yenidən fəaliyyəti sosial partlayışa səbəb ola bilər. Hətta bu bazar açılsa belə, əvvəlki formatda fəaliyyət göstərməyəcək".
Hazırda digər bazalarda da yoxlamaların aparıldığını deyən Aleksey Nemeryuk bildirib ki, hər bir sahibkar bilməlidir ki, qanunlara riayət etməsə, Pokrov meyvə-tərəvəz bazasının aqibəti ilə rastlaşacaq.
Bazarın hüquqşünası Sergey Xudyakov isə bildirib ki, qadağa müddətinin başa çatması ilə bağlı şirkətin mühasibləri, kadr xidmətinin əməkdaşları və digər personalı işə çıxacaq. Onun sözlərinə görə, işçilərin işə çıxmasından əvvəl şirkət bazarın fəaliyyətinin bərpası ilə bağlı qanunvericilik imkanlarını bir daha nəzərdən keçirəcək.
APA TV-nin xəbərinə görə, ötən ilin oktyabrın 13-də Qərbi Biryulevo sakini Yeqor Şerbakovun öldürülməsindən sonra rayon ərazisində kütləvi qarşıdurma yaranıb və meyvə-tərəvəz bazası dağıdılıb. Bazarın fəaliyyətinə məhkəmə tərəfindən 90 günlük qadağa qoyulmuşdu.