Pyatiqorskda törədilən partlayışın TƏŞKİLATÇISI ÖLDÜRÜLDÜ

Dağıstanın Xasavyurt rayonunda hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat yekunlaşıb. Rusiya Milli Antiterror komitəsinin yaydığı xəbərə görə, silahlılarla baş verən atışma zamanı 4 yaraqlı öldürülüb. Əməliyyat nəticəsində hadisə yerindən iki silahlı qaçmağa nail olub. Öldürülən yaraqlılardan biri Pyatiqorskda törədilən terrorun təşkilatçısı olub.

 

Əməliyyat yanvarın 15-də səhər saatlarında keçirilib. Polislər şübhəli şəxsləri təqib odiblər və onları Karlanyurt kəndindəki fərdi evdə mühasirəyə alıblar. Silahlılarla polis arasında toqquşmada hüquq-mühafizə orqanlarının 3 əməkdaşı ölüb, beşi xəsarət alıb.

 

Artıq öldürülən iki yaraqlının şəxsiyyəti müəyyənləşib. Bunlar Karlanyurt kəndinin sakinləri 28 yaşlı Rüstəm Daqirov və Xasavyurt cinayətkar qruplaşmasının başçısı Marat İdrisovdur.

 

APA TV-nin xəbərinə görə, ötən ilin dekabrın 27-də Pyatiqorsk şəhərinin Çerkassk prospektində yerləşən Dövlət Yol Patrul Xidmətinin binası yaxınlığında güclü partlayış baş verib. Nəticədə 3 nəfər ölüb. Terror hadisəsi əldəqayırma partlayıcı vasitə ilə həyata keçirilib. Cinayətkarların daha irimiqyaslı terror hadisəsi törətmək niyyətində olduqları, lakin bunu həyata keçirə bilmədikləri müəyyən olunub.

 

Müəllif | Apa.Tv