Azərbaycan Ordusunun iki ƏSGƏRİ İNTİHARA CƏHD EDİB
Azərbaycan Ordusunun iki gənc əsgəri intihara cəhd edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, yanvarın 12-də Gəncə səhərində yerləşən "N" saylı hərbi hissələrdən birində 2014-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran və Bakının Nizami rayonu şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılan, 1995-ci il təvəllüdlü əsgər Əlizadə Rəvan Arif oğlu və əsgər Nəcəfov Nicat Vüqar oğlu özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hər iki əsgərə tibb məntəqəsində ilkin yardım göstərilib.
Onlar Bakıya gətirilərək Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsinə yerləşdiriliblər. Əsgərlərin vəziyyəti kafidir. Müalicə bitdikdən sonra xəstəlik epikrizi çıxarılacaq. Respublika Baş psixiatrının rəyi alındıqdan sonra, hər iki əsgərin Silahlı Qüvvələrin sıralarında xidmətlərini davam etmələri məsələsi həll ediləcək.
Hadisə ilə bağlı cinayət işi başlanıb.
Mətbuat xidmətindən bildirilib ki, əksər hallarda bu cür hərəkətləri adaptasiya dövründə, mənəvi-psixoloji və fiziki cəhətdən hərbi xidmətə tam hazır olmayan, hərbi xidmətin çətinliklərinə dözməyən gənclər törədir.