61 yaşlı qadın MƏNZİLİNDƏ QƏTLƏ YETİRİLDİ
Bakıda qətlə yetirilmiş 61 yaşlı qadının cəsədi tapılıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. 17 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yaşayan Manafova Xoşavaz İsa qızının yaxınları ondan xəbər ala bilməyiblər və Fövqəladə Hallar Nazirliyinin qaynar xətt xidmətinə müraciət ediblər. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yaşlı qadın giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.
APA TV-nin xəbərinə görə, ilkin araşdırma zamanı Xoşavaz Manafovanın qətlə yetirildiyi məlum olub. Hadisə yerinə Yasamal rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri gəliblər. Mənzildə qan izləri aşkarlanıb. Qadının nə ilə qətlə yetirildiyi barədə məlumat verilmir. Hadisəni kim tərəfindən törədildiyi araşdırılır.