Prezident İlham Əliyev: "Azərbaycanda siyasi məhbus yoxdur"
Azərbaycan prezidenti İlham Əliyev Belçika Krallığına işgüzar səfəri çərçivəsində yanvarın 15-də Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
APA TV-nin xəbərinə görə, həmin gün Azərbaycan prezidentio NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb.
Görüşdə çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan-NATO əməkdaşlığının uğurla inkişaf etdiyini, prezident İlham Əliyevin bu dəfəki səfərinin qarşılıqlı əlaqələrə mühüm töhfə verdiyini vurğulayıb.
Dövlətinin başçısı İlham Əliyev çıxışında NATO-Azərbaycan əlaqələrindən danışıb. Bu əməkdaşlığın uğurla inkişaf etdiyini, hazırda Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirak etdiklərini qeyd edib. Prezident ölkəmizin sürətlə inkişaf etdiyini, iqtisadi baxımdan böyük uğurlar qazandığını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı Ermənistanın Azərbaycana təcavüzü və işğalın ağır nəticələrindən, danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verib.
Brüsseldə keçirdiyi mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanda siyasi məhbus yoxdur və bunu AŞPA-da aparılan müzakirələr də təsdiqləyib.
Prezident İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb.