ADA-nın fakültələrinin sayı artırılacaq
"Yaxın gələcəkdə Azərbaycan Diplomatik Akademiyasında təhsil alan tələbələrin, proqramların və fakültələrin sayının artırılması planlaşdırılır". APA TV-nin xəbərinə görə, ADA-nın rektoru Hafiz Paşayev Prezident İlham Əliyevin sərəncamı əsasında "ADA" Universitetinin yaradılması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib ki, hazırda akademiyada 27 ölkədən 42 tələbə təhsil alır. O bildirib ki, magistratura təhsili istiqaməti üzrə təhsil səviyyəsi olduqca yüksəkdir: "Üç ildir ki, akademiyanı bitirən məzunların 99 faizi iş tapıb. Akademiyanı bitirənlər birbaşa şərtsiz Xarici İşlər Nazirliyinə işlə təmin edilir. Hətta problem yaranıb. Tələbat çox olsa da, bizim məzunlarımız hamısı ora getmək istəmir. Bu da bizim üçün çox böyük siqnaldır. Çünki cavanlar iş yerini seçəndə öz gələcəyini düşünür, imkanlarını bilərək seçimini edirlər. Daha çox özəl sektorda çalışmaq istəyənlər var".
Universitetin bir sıra tanınmış xarici universitetlərlə əməkdaşlıq etdiyini diqqətə çatdıran rektor bildirib ki, "ADA" Universitetinin 2016-cı ildə bakalavr dərəcələri üzrə ilk buraxılışı olacaq. Hazırda "ADA" Universitetində Biznes, İctimai və Beynəlxalq Münasibətlər, Humanitar və Dəqiq Elmlər, Mühəndislik və İnformasiya Texnologiyaları fakültələri fəaliyyət göstərir. Universitetdə 700 tələbə bakalavr və magistr dərəcələri üzrə təhsil alır.