"AVTOŞ"LARA BƏD XƏBƏR: Yol polisinə yeni aparatlar alınır

Azərbaycan Türkiyədən polis maşınlarına görmə məsafəsində bütün dövlət nömrə nişanlarını avtomatik oxuyub araşdıra bilən «Intelligent Patrol» sistemi alır. Yeni sistemi vasitəsilə polis maşınları hərəkət halında belə oğurlanmış, axtarışda olan və ya saxta dövlət nömrə nişanı vurulmuş nəqliyyat vasitələrini təsbit edə biləcək.

 

Ekspertlər isə bildirirlər ki, hazırda bir sıra dövlət nömrə nişanlarının üzərində xüsusi RFID-çip sistemi quraşdırılıb. Sözügedən sistemə avtomobil, eləcə də onun sahibi ilə bağlı bütün məlumatlar daxil edilə bilir. Bu zaman həmin avtomobil oğurlandıqda və ya Dövlət nömrə nişanı saxtalaşdırıldıqda yeni sistem vasitəsi ilə onu aşkarlamaq mümkün olacaq.

 

Ekspert Ərşad Hüseynov APA TV-yə deyib ki, stasionar qurğunun yanından keçdikdə həmin qurğu avtomotik olaraq o çip-dən informasiyanı oxuyur  və eyniləşdirir: "Görəndə ki, informasiya həmin avtomobilə uyğun deyil, o zaman həyəcan siqnalı verir".

 

Ərşad Hüseynov deyir ki, yeni sistemin tərkibində ölkəmiz üçün daha bir yenilik tətbiq edilə bilər. Arxa və ön kamera ilə davamlı müşahidə aparan sistem bütün nəqliyyat vasitələrinin sürətini qeydə almaqla sürət həddini aşan avtomobilləri müəyyənləşdirir: "Ardıcıl iki radar qoyulur, arada məsafə 10-20 km məsafə olur. Avtomobil sürətlə gəlib həmin radara çatmadan sürəti azaldır. Keçdikdən sonra yenidən sürət toplayır. Bu  zaman yeni sistem iki radar arasında olan sürəti də ölçmə gücünə malik olacaq".

 

Sistemə üz tanıma, havada çirklənməni ölçmə sensorları da daxildir. Yeni təqdimatı keçirilmiş sistemin ilk müştərisi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləridir.

 

 

Müəllif | Apa.Tv