Yenə “VAZ 2107”, yenə qəza, YENƏ ÖLÜM...

Tovuz rayonunun Alakol kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayon mərkəzi ilə Alakol kəndini birləşdirən yolda qeydə alınıb. Toydan qayıdan kənd sakini, 36 yaşlı Ramin Sadıqovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə, 54 yaşlı Bayram Əhmədovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil toqquşub. Hadisə zamanı xəsarət alan sürücülər dərhal Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin müdaxiləsi nəticəsiz qalıb. 54 yaşlı B. Əhmədov orada keçinib. Digər sürücü R. Sadıqovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Tovuz rayon Polis Şöbəsindən bildirilib ki, sürücülər toydan qayıtdıqları üçün onların sərxoş olduqları, qəzanın bu səbəbdən baş verdiyi ehtimal edilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli