Azərbaycanda taxıl problemi varmı? - ARAŞDIRMA

Azərbaycana xaricdən buğda və un idxalı xeyli artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan 2013-cü ilin 11 ayı ərzində xaricdən 1 ilyon 300 min tondan cox buğda alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur. Analoji dövrdə buğda ununun idxalı da artıb. Hesablamalara görə artım 6 dəfədən çoxdur. Bu gün Azərbaycanda taxıla olan təlabat 1,3 milyon tondur.  Dövlət Statistika Komitəsindən verilən məlumata görə bu il ölkədə 2 milyon 938 min ton məhsul götürülüb. Ancaq bununla belə biz hələ də özümüzü taxıl məhsulları ilə tam təmin edə bilmirik. Kənd Təsərrüfatı Nazirliyindən isə bildirirlər ki,  son illər daxili istehsal hesabına  buğdaya olan təlabatın 80 faizi ödənilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev APA TV-yə deyib ki, keçən il respublikada 2.9 ton milyon taxıl istehsal olunub. Bunun da  1.9 milyon tonu buğda təşkil edir: "Ümumiyyətlə, respublika əhalisinin ərzaq buğdasına olan tələbat  1.7 milyon tondur. İstehsal olunun buğdanın yararlılığı 1.3 milyon təşkil edir. Daxili istehsal hesabına olan tələbat 80 faiz ödənilir. 20 faiz isə idxal hesabına ödənilir". 

 

Artıq 2014-cü ilin məhsulu kimi  980 min hektardan çox sahəyə payızlıq taxıllar səpildiyini deyən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, gələcəkdə daxili istehsal hesabına taxıla olan tələbatı tam ödəmək mümkün olacaq: "Bu gün Azərbaycandakı şərait imkan verir ki, biz respublikada orta məhsuldarlığı 35-40 sentnerə qədər qaldıraq. Hazırda məhsuldarlıq bizi qane eləmir. Orta məhsuldarlıq 27 sentnerdir ki, bu, çox aşağıdır. Ona görə də fermerlərə əsas tövsiyələrimiz ondan ibarətdir ki, qeyd olunan aqrotexniki tədbirləri yerinə yetirməklə hardasa 35 sent məhsul eldə edilsin".

 

Aqrar sahə üzrə ekspertlər isə hesab edir ki, fermerlər taxıl becərmə prosesində nəzərdə tutulmuş 40-a yaxın aqrotexniki tədbirdən yarısını güclə yerinə yetirdiyindən idxalda problemlər yaranır. 

 

Ekspert Vahid Məhərrəmov deyir ki, bizdə istehsal edilən buğdadan biz ərzaq buğdası kimi istifadə edə bilmirik. Ona görə ki, həmin buğdanın yapışqanlıq dərəcəsi yəni tərkibindəki zülal aşağıdır. Bunun da səbəbi odur ki bizim fermerlər, kəndlilər aqrotexniki qaydalara tam əməl edə bilmirlər.

 

Vahid Məhərrəmov deyir ki, eyni zamanda ölkəyə gətirilən toxumun keyfiyyətinə ciddi nəzarət etmək vacibdir. Çünki bir sıra buğda növləri var ki, ölkəmizdə onların əkilib becərilməsi zamanı yüksək məhsuldarlıq verə bilmir: "Buğda qurudulduqdan sonra onu siniflərə ayırmaq lazımdır. Bilinməlidir ki, birinci, ikinci və ya üçüncü sinif buğda növləri hansı yararlılıq dərəcəsində istismar edilməlidir. Bu aydınlaşdıqdan sonra artıq fermerlər unun istehsalında da  daha keyfiyyətli un ala biləcəklər".

 
Ekspert hesab edir ki, sözü gedən məsələlər həllini tapdığı təqdirdə yerli istehsal taxılının keyfiyyətində və kəmiyyətində ciddi dəyişiklik baş verər.

 

Müəllif | Apa.Tv