Qardaşını öldürən danışdı: "... XOŞUM GƏLMİRDİ"

Bakıda qardaşını dəmir parçası ilə öldürən 1964-cü il təvəllüdlü Zahir Əsəd

oğlu Əsədovun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, törətdiyi cinayəti etiraf edərək böyük qardaşı Vahid Əsədovu aralarında yaranan mübahisə nəticəsində qətlə yetirdiyini deyib: "Aramızda tez-tez mübahisə düşürdü, mənə deyirdi ki, özümə yaxşı iş tapım, xoşum gəlmirdi".

 

Nərimanov Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, rayonun Ağa Nemətulla küçəsində mərhum Vahid Əsədova məxsus ət dükanı olub. Kiçik qardaş isə meyvə-tərəvəz satışı ilə məşğul olub. Təqsirləndirilən şəxsin dediyinə görə, qardaşı ona hər dəfə irad tutaraq, ciddi işlə məşgul olmasını istəyirmiş. Bunu özünə təhqir kimi qəbul edən Zahir Əsədov linglə onun baş nahiyəsindən zərbə endirib: "İstəmirdim, belə olsun. Amma dəmiri götürüb, başına vurdum. O vəziyyətdə qoyub getdim".

 

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cınayət işi başlanıb. İstintaq araşdırmasını Nərimanov prokurorluğu aparır.  

 

Müəllif | Apa.Tv