Cəmil Həsənlidən RÜSTƏM İBRAHİMBƏYOVUN LİDERLİYİNƏ ETİRAZ

Milli Şuranın növbəti sessiyası keçirilib. APA TV-nin xəbərinə görə, sessiyada çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, baş verən son hadisələrdən, Müsavat Partiyası və ayrı-ayrı şəxslərin istefasından sonra qurumda 91 nəfər qalıb. Müzakirələr zamanı “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun yenidən Milli Şuranın fəxri sədri və ya lideri olmasını təklif edib. O deyib ki, indiyədək Rüstəm İbrahimbəyova qarşı müəyyən təzyiqlər olub, lakin o, Milli Şuranın saxlamaq üçün geri çəkilib.

 

Mehriban Vəzir bu təklifin əleyhinə çıxıb. O deyib ki, Rüstəm İbrahimbəyovla bağlı məsələni yenidən gündəliyə salmaq lazım deyil. Öz növbəsində Cəmi Həsənli də qeyd edib ki, yenidən liderlik məsələsinə qayıtmağa lüzum görmür.

 

Daha sonra çıxış edən Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər Şuranın fəaliyyəti ilə bağlı müəyyən təkliflər irəli sürüb. O qeyd edib ki, qurumun yeni dönəmdə funksiyası aydınlaşdırılmalı, böhrandan çıxarılması istiqamətində konkret addımlar atılmalı, Şurada olan partiyaların siyasi maraqları arxa plana keçməlidir.

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Müsavat partiyası haqqında danışıb. O qeyd edib ki, Müsavat Partiyası Milli Şuranı müxalifətçi kimi yox, müxalifəti dağıdan, ona zərbə vuran bir təşkilat kimi tərk edib. Sessiyanın davamında bir sıra məsələlər müzakirə olunub. “El” Hərəkatının sədri Eldar Namazov Milli Şuranın sessiyasına qatılmayıb.

 

Müəllif | Apa.Tv