Astarada ikimərtəbəli ev külə döndü

Bərdə rayonunda qəbiristanlıq yanıb. APA-TV nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Gərənə kəndində baş verib. Günorta saatlarında başlayan yanğın bir hektardan yaxın ərazini əhatə edib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bir necə avtomobili gəlib, alovun qarşısı vaxtında alınıb. Qəbirlərə heç bir zərər dəyməyib. Hadisənin törənmə səbəbləri bilinməsə də, ilkin ehtimala görə, yanğın azyaşlıların ehtiyatsız davranışı üzündən baş verib və alov məzarlığı bürüyüb.

 

Astara rayonunda da güclü yanğın hadisəsi baş verib. Hadisə Telman kənd sakini, 1983-cü il təvəllüdlü Zaur Rzayevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov dalğası gücləndiyindən hadisə yerinə Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən daha bir yanğınsöndürən maşın və canlı qüvvə çağırılıb. Bir saatdan artıq  mübarizədən sonra yanğın lokallaşdırılmaqla onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 190 kvadratmetr olan ikimərtəbəli, 7 otaqlı ev  içindəki avadanlıqlarla birlikdə yanaraq külə dönüb.

 

İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyi bildirilir.

 

Faktlarla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv