Rövşən Lənkəranskinin ŞTATLI KİLLERİNİN QURBANLARI MÜƏYYƏNLƏŞDİRİLİR

Rusiya İstintaq Komitəsinin Moskva Vilayəti üzrə İdarəsi “Axsaq Nazim” ləqəbli Azərbaycan vətəndaşı Nazim Hümbətovun cinayət işinin istintaqını yekunlaşdırıb. APA TV-nin Moskva müxbirinin xəbərinə görə, Nazim Hümbətova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci (Qəsdən iki və ya daha çox şəxsi öldürmə), 222-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

 

İstintaq materiallarında  bildirilir ki, 2003-cü ildə N. Hümbətov Ceyhun Xəlilov adlı tanışı və daha iki silahlı şəxslə birlikdə Odintsovo rayonunun Qryaz kəndində yerləşən avtoservisin ərazisində İlham Hüseynov adlı birisi ilə mübahisə edib. Ceyhun Xəlilov üzərində gəzdirdiyi “TT” markalı tapança ilə İlham Hüseynova atəş açıb. Hümbətovla birlikdə gələn silahlı şəxslər də İlham Hüseynovu müşahidə edən üç azərbaycanlıya atəş açmağa başlayıblar. Nəticədə İ.Hüseynov və onun Mamed adlı tanışı ölüb. İki nəfər isə ağır yaralanıb.

 

Hadisədən 5 il keçdikdən sonra Moskva vilayətinin müstəntiqləri bu cinayət hadisəsinin üstünü açaraq Nazim Hümbətov barəsində axtarış elan ediblər. Lakin Hümbətovu yaxalamaq yalnız 2012-ci ilin payızında mümkün olub. Onun daim yaşadığı ünvanları dəyişərək saxta pasportlardan istifadə etdiyi məlum olub.

 

İstintaq materiallarında N. Hümbətovun cinayət əməllərini birgə törətdiyi tanışı Ceyhun Xəlilovun öldüyü bildirilir. Bu səbəbdən ona qarşı heç bir ittiham irəli sürülməyib

 

“Axsaq Nazim”in 90-cı ilin əvvəllərində Azərbaycandan Moskvaya gəldiyi xəbər verilir. Hüquq-mühafizə orqanlarındakı mənbə Nazim Hümbətovun kriminal karyerasındakı sıçrayışın tanınmış kriminal avtoritet Rövşən Lənkəranski ilə (Rövşən Canıyev) tanışlığından sonra baş verdiyini bildirib. Onun R. Lənkəranskinin ştatlı killeri olduğu bildirilir. 

Müəllif | Apa.Tv