RƏSULZADƏNİN YUBİLEYİ İLƏ BAĞLI KEÇİRİLƏCƏK TƏDBİRLƏR - PLAN

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar tədbirlər planı açıqlanıb. Prezident İlham Əliyevin noyabrın 22-də Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb.  

APA TV-nin xəbərinə görə, tədbirlər planında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin, "M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu" mövzusunda elmi konfransının keçirilməsi, M.Ə.Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, professor pŞirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri nəzərdə tutulub. Eyni zamanda

 "Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlik" mövzusunda elmi sessiyanın keçirilməsi, M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar kitabxanalarda xatirə gecələrinin və kitab sərgilərinin təşkili, Türkiyə Cümhuriyyətinin Milli Kitabxanasında M.Ə.Rəsulzadəyə aid nəşrlərin faksmile sürətlərinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi, Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən fotostendin hazırlanması, onun həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələrin respublika KİV-lərində dərc olunması, ölkə kitabxanalarında M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları ilə görüşlərin və "Dəyirmi masa"ların keçirilməsi, Azərbaycan İstiqlal Muzeyində yubileyə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərginin və digər tədbirlərin təşkili nəzərdə tutulub. Yubiley münasibəti ilə tədbirlər digər təşkilatlarda da keçiriləcək.

 

Müəllif | Apa.Tv