Əqli mülkiyyət oğurluğuna görə 7 min manat cərimə, yaxud 4 ilə qədər həbs gözləyir
“Həmin şəxslər üçün 7 min manat miqdarında cərimə və 2 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hesab edirik ki, sanksiyaların sərtləşdirilməsi zəruridir”.
Söhbət piratçılıqla məşğul olan şəxslərə veriləcək yeni cəzalardan gedir. Müəllif Hüquqları Agentliyinin (MHA) Hüquq şöbəsinin müdiri Xudayət Həsənli APA TV-yə bildirib ki, "Əqli mülkiyyət hüquqlarının müdafiəsi və piratçılıqla mübarizə haqqında" yeni qəbul olunan qanun, piratçılığa qarşı mübarizədə mühüm rol oynayacaq. Sanksiyaların sərtləşdirilməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da piratçılığın qarşısının alınmasında müsbət nəticə verəcək. Qanunun tətbiqi ilə bağlı həm inzibati xətalar məcəlləsinə, həm də cinayət məcəlləsinə dəyişiklik olunaraq tətbiqi nəzərdə tutulan cəza sanksiyaları kifayət qədər sərtləşdirilib: "Bunların hər nüsxəsinə xüsusi nəzarət markası yapışdırılmalıdır. Bu nəzarət markasının yapışdırılmasının başlıca məqsədi odur ki, qanuni məhsulla qeyri-qanuni məhsulu bir-birindən fərqləndirmək olsun”.
Ölkəmizdə piratçılığın ən çox kompüter, audiovizual əsərlər və kitab sahəsində olduğunu qeyd edən Xudayət Həsənli bildirib ki, müəllif hüquqlarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulsa, istehsalçı nəzarət markası olmayan məhsulun hər nüsxəsinə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 150 manat miqdarında cərimə olunacaqlar.
“Məsələn, birinci nömrədən 500-cü nömrəyə qədər. Əgər 501-ci nömrə də buraxılıbsa və orda nəzarət markası yoxdursa, deməli, bu, qeyri-qanunidir. Bunu həm naşir, həm müəllif, həm də vergi orqanları asanlıqla müəyyənləşdirə biləcək. Bu zaman həm müəllifin, həm də kitabı nəşr edən naşirin hüquqları təmin olunacaq, eyni zamanda, dövlət vergisindən yayınmaların qarşısı alınacaq”.
Onun sözlərinə görə, nəzarət markasının saxtalaşdırılması, qəsdən məhv edilməsi, qeyri-qanuni hazırlanması və yayılmasına görə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə olunacaq. Yeni qaydalarla bağlı naşirlərlə, fonoqram istehsalçıları ilə görüş keçirilib.
“Müəllif Hüquqları Agentliyinin də rəyi nəzərə alınmaqla qərar layihəsi hazırlanıb. Burada dərman preparatlarına, yaxud dini təyinatlı kitablara da nəzarət markası vurmaq nəzərdə tutulur. Bununla bağlı vahid hökumət qərarının layihəsi hazırlanıb. İlin əvvəlində bu qanunun tətbiqinə başlanacaq”.
Agentlik rəsmisi bildirib ki, hazırda ölkədə piratçılığın səviyyəsi kompüter proqramları sahəsində 96 faizdən 86 faizə düşüb. Bu göstərici kitab piratçılığında 45 faizdən 25 faizə, audiovizual sahədə isə 90 faizdən 75 faizə qədər dəyişib.