Zaqatalada 5 TƏLƏBƏ QIZ ZƏHƏRLƏNDİ

Azərbaycan Müəllimlər İnstitunun Zaqatala filialının 5 tələbəsi qida toksiki infeksiyası şübhəsi ilə bilinərək Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsinin müdirü İlham Həsənovun APA TV-yə  verdiyi məlumata görə, yanvar ın 17-i axşam saatlarında Zaqatala şəhərində kirayədə yaşayan və Azərbaycan Müəllimlər İnstitunun Zaqatala filialının 1-ci kursunda təhsil alan 5 tələbə - Bərdə rayon sakini, 18 yaşlı Dadaşova Sonaxanım Nurlan qızı, Bərdə rayon sakini, 18 yaşlı Əliyeva Failə, Yevlax rayon sakini, 18 yaşlı Baxışova Banuçiçək Sürhəddin qızı, Bərdə rayon sakini, 19 yaşlı Hüseynova Aişə Vüqar qızı və Şəki rayon sakini, 19 yaşlı Rəhimli Rüfanə Rəşid qızı Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsinə daxil olublar. Araşdırma zamanı məlum olub ki, tələbə qızlarda yanvar ayının 17-i gün ərzində ayrı-ayrı saatlarda ürəkbulanması və qusma əlamətləri olub. Xəstəxananın yolxucu xəstəliklər şöbəsinə daxil olduqdan sonra tələbə qızlara müvafiq ilkin tibbi yardım göstərilib.

 

Qida toksiki infeksiyasından şübhəli bilinərək qızların hamısının mədəsindən nümunə götürülərək bakterioloji laboratoriyaya göndərilib. Götürülmüş nümunələr müayinə olunduqdan sonra tələbə qızlarda qida zəhərlənməsinin olub-olmadığı və yaxud digər hər hansı bir yolxucu xəstəliyə tutulub-tutulmadıqlarını söyləmək mümkün olacaq. Hazırda tələbələrin vəziyyəti kafi hesab edilir, müalicələri xəstəxananın yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov