Adam oğurluğuna görə axtarışda olan AZƏRBAYCANLI DUBAYDA YAXALANDI
Azərbaycanda adam oğurluğuna görə axtarışda olan Birləşmiş Ərəb Əmirliklərində yaxalanıb. Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu və Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəyanət İsmayılov tutulub. Onun ekstradisiyasıı üçün tədbirlər görülür.
Bakıda fəaliyyət göstərən "Ekstreme" MMC-nin sədri olan İsmayılov Dəyanət Əkbər oğlu 2011-ci ildə "Smart Mobile" firmasının direktoru Vahabzadə Mehman Ramiz oğlunu və onun biznes ortağı Mikayılov Samid Rasim oğlunu təxminən 1.4 milyon ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı aralarında yaranmış mübahisəni həll etmək bəhanəsi ilə noyabrın 20-də cəmiyyətin Nəsimi rayonunda yerləşən ofisinə dəvət edib. Bundan sonra həmin şəxslərin ofisdən çıxmalarına məhdudiyyət qoyaraq qeyd edilən vəsaiti tam ödəyənə və mülkiyyətlərini onun adına keçirənə qədər onları ofisdə saxlayacağını, əks təqdirdə isə işgəncə veriləcəyini bildirib.
Noyabrın 26-da Dəyanət Dubaya gedib, onlara nəzarət etməyi isə ofisdə mühafizəçi işləyən Mətləb Eyvazovla qardaşı Rüfət İsmayılova tapşırıb.
Həmin şəxslərin girov saxlanılmaları ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında noyabrın 28-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində səkkiz gün girov saxlanılan Mehman Vahabzadə və Samid Mikayılov qeyd edilən ofisin binasında bağlı qapılar arxasında ayrı-ayrı otaqlarda aşkar edilərək azad olunublar.
Mətləb Eyvazov və Rüfət İsmayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Natiq qədimov