20 Yanvar faciəsi ilə bağlı göstəriləcək tamaşalar - REPERTUAR

20 yanvar faciəsinin 24-cü il dönümü ilə əlaqədar olaraq paytaxt teatrlarının repertuarı müəyyən olunub. Teatrlardan APA TV-yə verilən məlumata görə, mədəniyyət ocaqlarında əsasən 20 yanvar faciəsi, eyni zamanda Qarabağ həqiqətlərinə həsr olunmuş tamaşalar göstəriləcək.

 

Dövlət Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunacaq. 1990 -cı il 20 yanvar hadisələrinin qurbanlarına həsr olunmuş bu iki pərdəli məhəbbət dramının rejissoru teatrın baş rejissoru Cənnət Səlimovadır.

 

Yanvarın 19-da Rus Dram Teatrının səhnəsində F.M.Dostoyevskinin eyni adlı əsəri əsasında “Karamazov qardaşları” tamaşasının premyerası keçiriləcək.  Eyni gün Azərbaycan Milli Dram Teatrında İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında səhnələşdirilmiş “Qarabağnamə” tamaşasının premyerası olacaq. Pyesin quruluşçu-rejissoru -Mərahim Fərzəlibəyovdur. Dövlət Pantomima Teatrı “Unutmayaq” adlı tamaşanı təqdim edəcək. Tamaşa əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadənin əsəri əsasında səhnələşdirilib. Rejissor və rəssam Bəxtiyar Əhmədlidi.

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan “Fəryad” filminə Nizami Kino Mərkəzində tamaşaçılar yanvarın 16-dan 22-dək hər gün saat 12:20-dən etibarən pulsuz baxa bilərlər. Ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissor və baş rolun ifaçısı mərhum Ceyhun Mirzəyev olan bu ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

 

Müəllif | Apa.Tv