Aran rayonlarında torpaqların şoranlaşması artıb

Ölkə üzrə 1 milyon 400 hektar təşkil edən şoran torpaqların 80 faizi mərkəzi aran rayonlarının xüsusilə Ucar və Zərdab rayonlarının payına düşür. Mütəxəssislərin sözlərinə görə Ucarda 70 min hektar torpaq sahəsinin yalnız 10 faizi əkinə yararlı - birinci qrup torpaq sahəsidir. 90 faizi  isə şoran və şorakət olmaqla 3-cü, 4-cü torpaq tiplərinə aiddir. Kənd sakinləri taxıl əkdikləri sahələrdən götürəcəkləri məhsulun miqdarını proqnozlaşdırsalar da hər dəfə yanılırlar. Onların arasında bütün maliyyə ehtiyatını torpağa qoyub, lakin zərə gördüklərini deyənlər də var. Mütəxəssislər Ucarın  28 kəndində şoran torpaqların üstünlük təşkil etdiyini, son 20 ildə isə prosesin sürətləndiyini deyirlər. Hətta Ucarın 800-1300 ailə təsərrüfatının yaşadığı ən iri Alpout, Qazyan və Lək kəndlərində vəziyyət daha acınacaqlıdır. Ucar meliorasiya idarəsinin mütəxəssislərinin fikrincə, şoranlaşmanın qarşısını almaq üçün qurunt sularının qarşısı alınmalıdır. İdarə rəisi İlyas Ağayev APA TV-yə bildirib ki, şoranlaşmanın qarşısını almaq üçün kollektor drenaj şəbəkələrinin təmiri aparılır. Məqsəd qurunt sularının təmizlənməsi və sərbəst su axımının təmin edilməsidir. Aqrar məsələlər üzrə mütəxəssis olan Rəhman Səfərov işlərin görüldüyünü desə də, bunun meliorativ sabitliyin qorunmasına xidmət etdiyini, şoranlaşmaya qarşı tək fermer və kəndlilərin mübarizəsinin yetərli olmadığı qənaətindədir. Ən ağır torpaq tipinə malik olan Ucarı şoranlaşmadan xilas etmək üçün dövlət proqramın icrasına ehtiyac olduğunu bildirilir. Ucar rayon İcra Hakimiyyətinin (RİH) aqrar məsələlər üzrə aparatının baş məsləhətçisi Rəhman Səfərovun sözlərinə görə, bu ildən etibarən şoran və şorakət torpaqların müəyyən hissəsini kəndlilər üçün yararlı vəziyyətə gətirmək üçün xüsusi dövlət tədbirlərinin görülməsi gözlənilir. Ehtimal olunur ki, bu proqram icra olunarsa, şoranlaşmış torpaqların böyük bir qismini münbit vəziyyətə qaytarmaq olar.

 

Müəllif | Apa.Tv
Zahid Abışov