KİYEVDƏ TOQQUŞMA: onlarla insan yaralanıb

Ötən gün Kiyevin mərkəzi yenidən qarşıdurmaların meydanına çevrilib. Avropaya inteqrasiya tərəfdarlarının kütləvi aksiyasından sonra kütlə hökumət binalarının yerləşdiyi rayona doğru irəliləyib. “Dinamo” stadionunun qarşısında yolu bağlayan milis avtobuslarından biri kənara itələnib. Bundan sonra iki avtobusa “Molotov kokyteyli” atılıb, “Berkut” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri ilə aksiya iştirakçıları arasında toqquşma baş verib. Xüsusi təyinatlılar kütləni dağıtmaq üçün səs qumbaraları və gözyaşardıcı qazdan istifadə edib.

 

Gecə saatlarına qədər “Dinamo” stadionunun qarşısıda bir neçə avtobus və DİN-in xüsusi texnikası yandırılıb.

 

Toqquşmalarda 70-ə yaxın asayiş keşikçisi xəsarət alıb, bir nəfərin girov götürüldüyü bildirilir. Aksiya iştirakçılarından 40 nəfər qazdan zəhərlənmə diaqnozu ilə xəstaxanaya yerləşdirilib. APA TV-nin xəbərinə görə, xəsarət alanlar arasında jurnalistlər də var.

 

Kiyev milisi kütləvi iğtişaş faktı ilə bağlı cinayət işi başlayıb. Bu cinayətə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Ukrayna müxalifəti baş verənlərdə təxribatçıları günahlandırıb.

 

Ukrayna prezidenti Viktor Yanukoviç toqquşmalar başladıqdan sonra müxalifət lideri Vitali Kliçko ilə öz iqamətgahında görüşüb. O, bu gün Prezident Administrasiyası, Nazirlər Kabineti və müxalifət liderlərindən ibarət komissiyanın yaradılmasını, komissiyanın Ukraynanın böhrandan çıxarılması istiqamətində fəaliyyət göstərməsini təklif edib.

 

Vitali Kliçko görüşdən sonra bəyan edib ki, ölkədə vətəndaş müharibəsinin başlanması ehtimalını istisna etmir. O bildirib ki, qan tökülməməsi üçün əllərindən gələni edirlər. Prezident Viktor Yanukoviçin təklifindən danışan Vitali Kliçko deyib ki, hazırkı hakimiyyətə inanmaq olmaz. Bununla belə, o, komissiyanın yaradılması təklifindən imtina etməyəcəklərini bəyan edib: “Biz ən pis ssenaridən də istifadə etməliyik ki, qarşıdurmaya yol verilməsin”.

 

Vitali Kliçko onu da deyib ki, Viktor Yankoviç görüş zamanı əndişəli olub: “O, narahat görünürdü. Hər dəqiqə hansısa kağızları verirdilər. Yanukoviç baş verən hadisələr barədə informasiya alırdı”.

 

Ukrayna prezidentinin mətbuat xidmətinin gecə saatlarında yaydığı məlumata görə, Viktor Yanukoviç Milli təhlükəsizlik və müdafiə Şurasının katibi Andrey Klyuyevə Prezident Administrasiyası və Nazirlər Kabinetinin nümayəndələrindən ibarət işçi qrup yaratmağı tapşırıb. İşçi qrupu ölkədəki siyasi böhranın nizamlanması yollarını araşdırmalırıdır. Yanukoviçin digər tapşırığı belə olub ki, qrup üzvləri bu gün müxalifətlə danışıqlara başlasınlar.

 

 

Müəllif | Apa.Tv
Apa.tv