Azərbaycan 20 Yanvar şəhidlərini yad edir - XÜSUSİ REPORTAJ

20 Yanvar faciəsindən 24 il ötür. Vəzifəsindən, siyasi və sosial statusundan, yaşından asılı olmayaraq, yüzminlərlə insan Şəhidlər Xiyabınında uyuyan şəhidlərin məzarını ziyarət etməyə gəlmişdi.

 

Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüb. Dövlət başçısı “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.

 

Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, saat 12:00-da Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırıldı. Bakı buxtasında gəmilər, metro və yerüstü qatarlar fit verdi.

 

20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

 

Axşam saatlarında da, xiyabana gələnlərin ardı-arası kəsilmir.

20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdihüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. 

Müəllif | Apa.Tv