Çankaya köşkündə insident: xəstə qadın jurnalistə hücum etdi

Ankarada rəsmi səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Türkiyə prezidenti Abdulla Güllə görüşü ərəfəsində Prezident sarayında – Çankaya köşkündə insident baş verib. Prezident sarayının gözləmə salonunda Gürcüstan prezidentinin mətbuat xidməti rəhbərinin müavini, jurnalist Şopo Cacanidze ruhi-əsəb durumu normal olmadığı bildirilən Berat Düzgünər adlı qadının hücumuna məruz qalıb.

 

APA TV-nin xəbərinə görə, Prezident sarayında vəzifəli şəxslərdən biri ilə görüşən həmin qadın görüş başa çatandan sonra ayağa qalxaraq Gürcüstan prezidentini müşayiət edən gürcüstanlı jurnalistlərə doğru gedib. O, Şopo Cacanidzenin saçlarından tutaraq yerə yıxıb. Bu zaman jurnalistlər hadisəyə müdaxilə ediblər.

 

Daha sonra Prezident sarayı mühafizəçilər qadını saxlayıblar. Saxlanılandan sonra Berat Düzgünər ilkin ifadəsində jurnalistin guya onun üzərinə gəldiyini, ona zərər verəcəyini düşündüyü üçün özünü müdafiə addımı atdığını deyib. Xəstəxanaya aparılan gürcü jurnalist ambulator yardım göstəriləndən sonra Prezident sarayında keçirilən toplantıya qatılıb. Jurnalistlərin suallarına gülərək cavab verən Şaşo Cacanidze, baş verənlərə görə şikayətçi olmayacağını deyib.

 

Müəllif | Apa.Tv