Kəmaləddin Heydərov: "Dünya çempionatı Azərbaycanda boksun inkişafında dönüş nöqtəsi olub"
Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının komissiyalarının iclası başlayıb. İclasda öncə gündəlik barədə məlumat verilib. APA TV-nin xəbərinə görə, bildirilib ki, burada 7 komissiya ayrı-ayrılıqda bir araya gəlib müəyyən məsələni qaldıracaq və həmin məsələlər İcraiyyə Komitəsində müzakirə olunacaq.
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu bildirib ki, boks Azərbaycanda sürətlə inkişaf edir. Onun sözlərinə görə, komissiya iclaslarının keçirilməsində əsas məqsəd boks idman növünü daha da kütləviləşdirmək və gələcək yarışlar barədə müzakirələr aparmaqdır.
Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov deyib ki, Bakı şəhəri bir çox mötəbər idman yarışlarına ev sahibliyi edib. 2011-ci ildə Azərbaycanda keçirilən boks üzrə dünya çempionatı barədə danışan Kamaləddin Heydərov bildirib ki, bu yarış Azərbaycanın boksun inkişafında dönüş nöqtəsi olub. Onun sözlərinə görə, ölkəmiz dünyanın boks mərkəzlərindən birinə çevrilib.
Tədbirin davamında 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya kvotaları komissiyaların müzakirəsinə verilib. Burada WSB liqasından 17, AİBA-nın tərkibində olan peşəkar boksdan 20 vəsiqənin də verilməsi nəzərdə tutulub. İclas 3 gün davam edəcək. İlk 2 gündə komissiyalar ayrı-ayrılıqda, yanvarın 23-də isə birgə müzakirələr aparacaq.